Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Dost dəstəyi bu gün də davam edir..”, ÖZEL
Millet vekili Meşhur Memmedov,
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
Azərbaycan üçün Qazaxıstan qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.
Ölkəmizə göstərilən dəstəklər sırasında da Qazaxıstan ön yerlərdədir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstanı həmişə minnətdarlıqla xatırlayacağıq.
Dost dəstəyi bu gün də davam edir. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. 12 mart tarixində keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq mərkəzin açılış mərasimi təşkil olundu. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.
İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Həm də türk dövlətlərinin sıx əlaqəsi qloballaşan dünyaya türk dövlətlərinin gücünü bəyan edən bir mesajdır.
Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil.
Qazaxıstanla strateji tərəfdaşlıq deyəndə TransXəzər nəqliyyat dəhlizi yada düşür. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb.
Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi.
Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş”, “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi arasında kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi sahəsində Anlaşma Memorandumu”, “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş” gələcəkdə Qazaxıstanla strateji əlaqələrin daha sıx, artan istiqamətdə inkişafından xəbər verir.
Ülker PİRİYEVA/AZERBAYCAN
Yorum yapabilmek için giriş yapmalısınız.